Soyuq amerikanonun hekayəsi
4 Okt, 2019

Bakıda yaşayanda işdən çıxıb rəfiqəm Fatima ilə gecəyə qədər gəzərdik. Bu gəzməklərdən ən gözəli və ən çox yadımda qalanları payız və qış aylarında olanlardır. Ən çox da köçməzdən əvvəlki sonuncu qışın çox önəmli xatirələri var.

Şəkərsiz, isti amerikano sevən Fatima, az qala hər gəzintimizdə özünə bir amerikano götürürdü. Harda rastımıza ilk çıxarsa, ordan da alardıq. Amma adətən şəhərdə yolumuz McDonald’sın yanından mütləq düşərdi deyə, elə əsasən də ora girirdik. Buna görə bu “M” hərfli qutu gəzintilərimizin rəmzinə çevrilmişdi.

Mən çox kofe sevən biri deyiləm, amerikano isə ümumiyyətlə sevən deyildim. Amma soyuq amerikanonu sevirəm. Bunu da təsadüfən, həmin gəzintilərin birində kəşf etmişdim..

Bir dəfə kofe soyudu deyə, Fatima onu atmaq qərarına gəldi. Kofeni ondan alıb, zibil qutusuna yaxınlaşdım, iyi necə gəldisə, ondan bir qurtum içmək istədim. İçdim, sonra atdım. Həmin qurtum çox sevdiyim şeylərdən birini yaratmış oldu.

O qurtum sonrası gəzməyə davam edirdik və hiss edirdim ki, soyuq amerikano xoşuma gəldi. Nəfəs aldıqca, ağzımda qalan acıtəhər kofe dadı, soyuq hava ilə qarışır və mənə ləzzət edirdi.

Hər gəzinti zamanı çoxlu söhbət edirdik, buna görə Fatima kofenin yarısına çatana kimi o soyumuş olurdu. Soyuyandan sonra isə kofe onun sevdiyi haldan çıxıb, mənim sevdiyim hala keçirdi. Ardınca mənə verirdi, digər yarısını da mən içirdim və uzun-uzun söhbətlərimizə davam edirdik. Hər dəfə adət halı almışdı, bir kofe alırdıq, isti halını o içirdi, soyuq halını mən.

Bugün getdiyim bir yerdə metrodan çıxanda hava artıq çox soyumuşdu. Gözlərim həmin “M”i gördü. Girdim amerikano götürdüm, gözlədim soyusun. Sonra başladım gəzə-gəzə içməyə. Çox asanlıqla istədiyim məqama döndüm, doğma hissləri keçirdim və soyuq hava ilə acıtəhər tamın ləzzətli qarışığını təkrar duydum.

Bu mənim balaca oyunumdur. Bunu tez-tez etmək istəmirəm. İstəyirəm belə sadə bir şey öz saf sehrini saxlamağa davam etsin. Arada oyun qurum, sevdiyim hissləri təkrar keçirim, özümə gülüm, özümü ələ salım. Çünki necə deyərlər, əslində yaşamağın bir mənası yoxdur, ona məna yükləyən bizik. Bu da o “məna yükləmələr”dən biri olsun. 💫

Bir cavab yazın