Bu il Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunun nəzdində kursa başlamışam. Bugün üçüncü dərs idi və təqribən bir saat sonra yenə özümü düşüncələrin içində tapdım.

Pəncərənin yanında dayanıb işləyirdim, birdən yoruldum, oturub pəncərədən çölə baxmağa başladım. Buludlu, hərəkətli, azad səma və binanın bir hissəsi görsənirdi. Binanın çoxlu xətləri var idi. Sanki adi, görməyə öyrəşdiyimiz xətlərdir. Amma yox, adi deyillər, illuziyanın bir hissəsidirlər. Beyinin oynadığı oyunun oyunçularıdırlar.

Rəsm çəkəndə daha aydın başa düşürəm ki, bizi əhatə edən hər şey oyundur. Bir santimetr, bir dərəcə, bir işıq, bir rəng və s. ümumi rəsmi bir haldan başqa hala sala bilir. Biz də öz əllərimizlə, bircə hərəkətlə nəticəni tamam dəyişə bilirik. Eynən həyatda da belədir, “bir santimetr uzun çəksən”, bütün hekayə dəyişir. Ən sonda da abstraktsiyaya yol salırıq, azadlığa yetirik.

Kvadrat olmasaydı biz hansısa hissəni kvadratın içinə salıb, sərhədləməzdik, ölçü olmasaydı biz varlığı bir planetlə ölçməzdik və s. Ümumiyyətlə konkret şeylər olmasaydı biz kainatın sərhədsizliyi anlayardıq, amma bu halda bunun bir anlamı olmazdı, fərqinə belə varmazdıq, çünki sərhədsizlik anlayışının özü olmazdı.

Həbsxanadan çıxmış insanların bir çoxunun geri dönmə istəyini bilirik. Eynilə sərhədsizlik anlayışı insanları qorxuda bilir, qoy oturmuşam deyir. Tanrı sənsən desən diksinirlər, çünki kimdənsə ummaq, kiminsə üstünə atmaq daha rahatdır.

Amma nə yaxşı ki, kvadrat var və bir bəhanə ilə, bir alovlu istək ilə onun içindən çölünə çıxmağa can atırıq. Tanrı almanı yaratmalı, ona qadağa qoymalı və Həvva onu dərməliydi. Əminəm ki, tanrı Həvvanın hərəkətindən “işte bu” deyib, məmnunluq duymuşdur, fəxr etmişdir.

Bugün də almanı dərənlər, kvadratın içində olduğunun fərqinə varıb, çölünə tullanmağa çalışanlardır məmnunluğu dadanlar, tanrının bizdə olan payından doğru istifadə edib, azad olanlar.

*kvadrat və alma misaldır.

Bir cavab yazın