Güzgüyə də baxmaq çıxır yadımdan,

Arada gözüm sataşır,

birdən üzümə,

Ötəri salam verirəm,

özüm özümə.

 

Arada ayaq saxlayıram,

bir-iki dəqiqəlik,

Yenidən bir-birimizlə tanış oluruq,

Baxıb uzun-uzun, əhval soruruq.

Sonra da başlayır şikayətlərə,

Danışıb, dinləyib, birdən susuruq.

 

23-cə il keçib bu gözlərimin,

açılalı dünyaya, o gündən bəri.

Nə qədər qırışır kənarları da,

Hər məni güldürən sevincdən bəri.

Hər kədər sonrası bir qədər solur,

Sönür içindəki atəş böcəyi.

 

Saçlarım yompam-yompam,

Həmişəki kimi,

heç dəyişməyir.

Paltarım sallax-sullax,

əynimə böyük,

nə qədər böyüyürəm,

yenə nədənsə,

bədənim paltara heç yerləşməyir.

 

Dodaqlarımda qalıb uşaqlıq izi,

Hər həyəcan sonrası küncə çəkilir,

Dişlərim dişləyir dodaqlarımı,

Dilim də durmadan nəsə deyinir.

 

Qaşlarım da özüyçün durub ordaca,

Yadıma da düşmür bu tük yığını.

Atamdan, babamdan qalan bir izdir,

Qaşlarımızın forması da yaman qəlizdir.

 

Burnuma çatmamış şeirin sətiri,

Gözümü güzgüdən çəkməli oldum,

Çünki uzun burnun, qısa söhbəti

Yaman çətin gəldi,

getməli oldum. 😀

Bir cavab yazın