Yoga instruktorumuzun bir sözü var: “ən çətin şey iki ayaq üstündə dayana bilməkdir.” Əvvəl bunu zarafat kimi qəbul edirdim, zamanla başa düşdüm ki, nə demək istəyir.

Bir var onurğa sütununu dörd ayaq saxlayır, biri də var iki ayaq. İki ayaq üstündə düzgün dayanmaq, bütün bədəninin əsası olan onurğanı o iki ayağa həvalə etmək qəliz məsələdir. Bizim mərkəzimiz göbəyimizdir, əgər qarnımız möhkəm olmazsa ayaqlarımız “tapşırığı”ın öhdəsindən gələ bilməz. Onurğamızda yaranacaq ən xırda problem belə bütün bədənimizə təsir göstərəcək. Əgər bədəninin düzgün idarəsi sənin əlindən çıxırsa, sən insan kimi özünü idarə etmənin bir neçə faizini itirmiş olursan. İnstruktorumuz deyir ki, “hələ bir iki ayaq üstündə düzgün dayanmağı öyrənin, qalanı çətin deyil.” 😀 Bura bir də bədəninin daxili sağlamlığı da daxil olanda başa düşürsən ki, diqqət etməyimiz lazım gələn bu qədər şey varkən və  özümüzü öyrənmək bu qədər maraqlı imişkən yaşamaqdan doymaq olarmı? Sonra üstünə gələk mənəvi sağlamlığı, mənəvi inkişafı və öz enerjimizin idarə olunmasını. Əgər hər kəs fiziki, mənəvi olaraq və enerji baxmından öz idarəsini əlinə alsa, dünya nə gözəl olardı elə deyilmi? Hər halda hazırda bu mümkün deyil, yaxın gələcəkdə də mümkün olub olmayacağını bilmirəm. Çünki bizi sürətin içinə atırlar, hər saniyə dəyişən dünyanın bir küncündə şüursuz şəkildə yaşayıb, çoxalıb, ölürük.

Bu yaxınlarda bir nəfərlə bənzər bir söhbət əsnasında bir nümunə çəkdi. Dəqiq xatırlamıram necə o mövzuya gəldik və səhv etmirəmsə tibetlilərin hansısa bir günlük ritualı barədə nümunə çəkirdi. Əgər bu barədə konkret məlumat tapsam burda qeyd edəcəm. Hə, deməli, gün ərzində başı işə gücə qarışmış insanlar, böyük zəngin səsini eşidən kimi əllərində nə iş varsa onu yarımçıq qoyub və sakit şəkildə oturur. Bu bir növ insanın bir anlıq dayanıb özünü xatırlaması, daxilinə enməsi, varlığının fərqinə varması üçün tələb olunan az müddətlik meditasiyadır. Təsəvvür edək ki, yaşadığımız şəhərdə bunun üçün təyin olunmuş dəqiqələr var. Bütün şəhər dayanır, hər kəs varlığını, yaşamını, daxili aləmini xatırlayır, ürəyinin ritmini sakitləşdirir, beynini dincəldir, nəyi nə üçün etdiyini təyin edir və yenidən davam edir. O anda bütün dünya şüursuz şəkildə qaçır, biz dayanırıq. Təsəvvürü belə məni rahatladır. Bizim günlük qaçhaqaçlarımız toplanıb ömrümüzün qaçhaqaçı olur. Bu qaçhaqaçın içində özümüzü unudururq. Tələsə-tələsə “çıxış qapısı”na doğru qaçırıq.

Mən özüm çox tələsən insanam. Əvvəl daha çox belə idim. Özümə nisbətən sakit olmağı öyrədirəm. Pis alınmır. Bunun öhdəsindən gəlmək üçün özümüzə uyğun mühit yaratmaq lazımdır. Diqqətimizi əlavə şeylərlə məşğul etmək lazım deyil. Bu bugünkü dünyada çətin işdir, amma zamanla özümüzü buna öyrəşdirə bilərik. Məsələn, idmanla məşğul olmağa başlayanda, etdiyimiz hansısa hərəkət bədənimizə çox yad gəlir, yeni bir şey olur deyə əzələlərimiz ağrımağa başlayır, bunu təkrar etdikcə əzələlər buna öyrəşir, artıq ağrı, çətinlik hiss etmirik, həmin hərəkəti rahatlıqla edə bildikdən sonra bu hərəkətin yükünü bir az daha çoxaldır, yeni mərhələyə keçirik. Düşündüyümüz nəticəni əldə etmək üçün hər dəfə bir az daha çox çalışırıq. Bu bədənimiz üçün adi hal almağa başlayır və bizə arzuladığınız nəticəni verir. Eynilə mənəvi cəhətdən də özümüzü mərhələ-mərhələ inkişaf etdirə bilərik. Həmçinin enerjimizin idarə olunması üçün bu kimi inkişaf yolu keçə bilərik. Özümüzü qaçhaqaça qurban verməklə bir az dayanıb düşünməyi unuduruq. Bir də fərqinə varırıq ki, ortalama ömrün yarısı keçib, amma bizim daxilimizdəki boşluq hissi keçməyib. Çünki biz ora baş çəkməmişik. Düşünün üç otaqlı evimiz var. Bir otağını tam bəzəyirik, orda rahatlıq yaradırıq, bunun üçün çalışırıq, sonra nəticəyə sevinib, xoşbəxt oluruq. İkinci otağı bir az bəzəyir, yarıda yorulub dayanırıq. Keçib üçüncü otağa baxanda, ərincəklik edirik, elə tam bəzədiyimiz otağın içində oturmağı seçib, qalan ikisinin başını buraxırıq. Bunun biri bizim bədənimiz, biri bizim mənəviyyatımız, biri də enerjimizdir.

Hər halda 20 yaş ərəfələrində hər kəs həyatın sürətinin fərqinə varmağa başlayır. Çünki bu dövrdə qarşımıza qoyulan böyük qabı götürüb açırıq, üzüaşağı çeviririk, içindən sonsuz görsənən xırda puzzle-lar tökülür. Təlaşa düşürük; bunu yığmağa vaxtımız yetəcəkmi ya yox? Çatdıra bilmək üçün qaçmağa başlayırıq. Həmişə düşünürəm ki, əgər bu şəklin 3/4 hissəsini yığa bilsəm, ölmədən əvvəl gözümün qarşısında qalan hissəsi avtomatik olaraq tamamlanacaq, mənim bu dəfəki ömrümün ümumi təsvirini ölmədən öncə görüb, sonra öləcəm. Biz onsuzda gözlərimizi yummamışdan əvvəl o təsviri görürük, bütün hissələr bir-birini tamamlayır, çatdıra bilmədiklərimiz öz yerinə oturur. Biz bu həyatdakı missiyamızın ümumi təsvirini görüb, sonra dünya ilə sağollaşmalı oluruq. Düşünün ki, biz tamamlanmış təsviri görəndə keçdiyimiz hər şey gözlərimizin qarşısından gəlib keçir, bütün xatirələr bir-bir oyanır və biz artıq hansı nəticə üçün savaşdığımızı görürük. Heç nə edə bilmirik, bir az daha qala bilmirik. O nəticənin içində bir neçə saniyə o baş, bu baş gəzə bilmirik. Biz sadəcə təsviri izləyir və gözlərimizi yumuruq. Bu mənim öz təsəvvürümdə yaratdığım bir mənzərədir. Ölməyi həmişə belə təsəvvür edirəm.

İndi isə bunu yazma səbəbimi izah edim. “Öz hekayəni özün yaz” adlı bir yazım var. Bu demək olar ki, mənim həyat şüarımdır. Mənə görə bizim hər birimizin təyin olunmuş bir missiyası var. Bunu kim təyin edir, necə edir, niyə edir deyə suallar yaranır, amma bu ayrı mövzudur, düzgün ifadə etməyi öyrənəndə bu barədə də düşüncələrimi yazacam. O missiyanı icra edə bilmək üçün gedəcəyimiz yolu isə özümüz “yazırıq”. Əgər biz şüursuz şəkildə yaşayırıqsa ölməmişdən əvvəl görəcəyimiz təsvir bəlkə də bizə heç nə izah etməyəcək. Yaşadığımız ömür mənasız gələcək, illərin savaşının səbəbini anlamadan, elə şüursuz şəkildə də öləcəyik. Amma şüurlu ömrün nəticəsi o təsviri görəndən sonra gülümsəyərək, xoşbəxt şəkildə gözlərini yummaqdır. Ölümü belə dərk etməkdir. O anda sənə bu ömürdə var olmaq üçün yoldaşlıq edən, sənə qəlib olan bədəninə təşəkkür etmək, enerjinə sarılmaq, ruhunu azad buraxmaqdır. Öləndə belə gözəl ölməkdir.

Bunlar mənim fikrimdir. Mən həyatı və ölümü bu cür təsəvvür edirəm. Çünki ciddi sualların cavabını bizə heç kim vermir. Bu böyük kainatın içində it-bat olmamaq üçün özümə hekayə yazıram, təsəvvür yaradıram və onu yaşayıram. Sual dolu ömrün içində bu cür yaşamaq mənim yaşamaq eşqimi, yaşamaq sehrini, dünyadan zövq almaq bacarığımı həmişə tazə saxlayır. Nədənsə əziyyət çəkəndə, nədənsə kədərlənəndə belə onu özümdən şüursuz şəkildə uzaqlaşdırmaq istəmirəm. Yanımda saxlayıram, onlarla da vaxt keçirirəm. Özümə onlardan qorxmamağı öyrətmişəm. Bunu yaza-yaza yadıma bir hadisə düşdü. Bir dəfə xalam anamla kiminsə barəsində danışırdı. Bilmirdim kimdi, sadəcə söhbəti eşidirdim. Hansısa bir qadının qızının toyuna 2 gün filan qalmış oğlu rəhmətə gedir. Hər kəs bundan şok keçirir, nə edəcəyini bilmir. Qadın oğlunun ölü bədənini aparıb zirzəmiyə qoyur və hər kəsə tapşırır ki, kədərli şəkildə üstünə gəlib, ağlamasın, toya gəlsinlər, iştirak etsinlər. “Birgə xeyiri sevinib, sonra birə şərə ağlayarıq” deyir. İnsanın boğazı quruyur elə deyilmi? Ən azı bu qədər güclü olmaq lazımdır. Bilmirəm bu düzgün qərar idi ya yox, amma bu kimi ağır bir nümunə digər şeyləri gözümüzdə kiçildə bilir. Bir insan bunun öhdəsindən gələ bilərsə, hər şeyin öhdəsindən gələr. Bu qədər ağır kədərlə, bu qədər gözəl xoşbəxtliyi eyni anda yaşa bilərikmi? Biz mənəvi cəhətdən nə qədər güclü olmalıyıq?

Kədəri, pis hadisələri, gözlənilməz zərbələrdən məyus olmayın. Onlar bizi yeni savaşlara hazırlayan müəllimlərdir. Bizimlə baş verən hər kədərli hadisə hekayəmizin çətin, ağır və həyəcanlı sətirləridir. Əgər onlar olmasa biz xoşbəxtliyi necə duya bilərik? Biz kədəri qovsaq, yaxud ona təslim olsaq, xoşbəxtlik özünə harda yer edəcək? Əgər getdiyimiz yol dümdüz olsa biz müdrikliyə necə yetə bilərik? Müdrikliyə gedən yol hamar olmur. Buna görə həyatımızı şüurlu şəkildə yaşamalıyıq deyə düşünürəm. Biz onsuzda elə də, belə də bu ömrü yaşayırıq. Sağ qalmaq üçün yox, zövq almaq üçün yaşamaq lazımdır.

 

 

Bir cavab yazın