heç nədən qorxmuram mən,
bir ölməkdən qorxuram.
əbədi qaranlıqda,
darıxmaqdan qorxuram.
°
dünya elə zalımdır,
gün üstünə gün saydı.
elə gec yetdim sənə,
bir də gördün tez aldı.
°
ömür birdən az olsa,
həsrətinə dözmərəm,
hər allahın saatı
mən yüz dəfə ölərəm.
°
səni tək qoysam birdən,
nə edərsən sən mənsiz?
gecə kabus görəndə
kim bəsləyəcək səssiz?
°
dalğalanan saçını
kim oxşayar həsədlə,
uşaq barmaqlarını
kim öpəcək həvəslə?
°
uzun cümlələrindən
kim yorulub yatacaq?
sabah da qorxa-qorxa
tez aradan çıxacaq?
°
səni qəsdlə küsdürüb,
büzdüyün dodağına,
baxıb-baxıb söz qoşub
kim əylənib, güləcək?
°
düşünəndə belə,
darıxıram ürəkdən.
nəfəsim ağırlaşır,
köksüm daralır birdən.
°
yox, mən ölə bilmərəm,
hər şey qalsın o yana,
gözlərini bu yanda,
qoyub gedə bilmərəm.
°
işim-gücüm var mənim;
sənin boyda sevinci,
sənin boyda baş dərdi,
qoyub gedə bilmərəm,
mən tez ölə bilmərəm.
°
anan-atan kim olar?
bacın-qardaşın bəs kim?
dostsuz-yoldaşsız, yetim
qoyub gedə bilmərəm,
mən tez ölə bilmərəm.

Bir cavab yazın