Yaxşının qələbəsi
11 İyn, 2019

Bu günlərdə instagramda bir bloggerin story-si çıxmışdı rastıma. Ötəri olaraq story-lərə baxırdım, amma onun dediyi istər-istəməz beynimdə qaldı və başladı öz-özünə içəridə çək-çevir etməyə. Bu yazını onu səhv çıxartmaq üçün yazmıram, sadəcə story-dən sonra özümdə yaranan suala əsasən, bu mövzu ətrafında düşündüm və gəldiyim nəticəni, yəni öz fikrimi paylaşmaq istədim.

Həmin blogger story-də neqativ şərhlərə mütləq cavab verilməlidir deyə qeyd edir və səhv xatırlamıramsa deyirdi ki, oxuyub, araşdırıb və bu nəticəyə gəlib. İstədim mən də araşdırım və bu barədə olan fərqli fikirlərlə tanış olum, səbəblərini anlayım. Amma sonra hər məqamda olduğu kimi mövzunu ilk öncə öz düşüncəmə buraxdım. Nəticədə mən də insanam, düşünə bilirəm. Həmişə beynimə kənar fikirlərin müdaxiləsinə icazə verməzdən öncə, mütləq birinci özüm düşünürəm.

Neqativ şərhlərə cavab verilmədir fikri ilə razılaşdım. Amma bu cavab neqativ olmalı deyil deyə düşünürəm. Əvvəl düşündüm ki, bu mənim həssaslığımdan, insanlara olan mərhəmət və sevgimdən irəli gəlir, amma sonra yadıma bir hadisə düşəndə anladım ki, məsələ bu deyil. İndi uzun bir misal çəkəcəm: Bir ildən çox olardı ki, bir izləyici mənə şərh yazmışdı. Bilmirəm məni haradan tapmışdı, amma şəkillərimə qıcıqlandırıcı, hətta incidici şərhlər yazırdı. Düzü bir az pis oldum və bir xeyli düşünüb, cavab yazdım. Bəli, neqativ şərhlər idi, mən də necə deyərlər, söz altında qalmadım, nə demək istəyirdimsə dedim. Amma hər sözümü diqqətlə seçirdim ki, məni o anda ondan fərqləndirən məqamlara xələl gəlməsin. Nəticədə mənim öz xarakterim var və gərək özümdə yaratdığım insanı, ani də olsa unutmayım.

Həmin izləyici düz bir ildən çox bu əhvalla davam etdi. Bloka atmadım, acı cavab da vermədim. Sonra gördüm tək mənə ilişmirmiş. Anladım ki, düz davam edirəm, mütləq bir gün dərdini anlayacam. Bütün dünyaya diqqət ayıra bilmərik, amma bircə nəfərə qarşı diqqət və ehtiyat göstərmək şansımız yaranarsa, niyə bundan yan keçək?

Bir dəfə canlı yayıma qoşuldum, həmin insan da izləyirdi. Bu məqamda başladı mənimlə danışmağa. Təkrar qeyd edim ki, bir ildən çox vaxt keçmişdi. Dayanmadan sual yazır, dərdləşir, cavab verir, canlı yayımda söhbət edirdik. Sanki uzun zamandır kimə ürəyini açacaq deyə vurnuxurdu. Bəlkə də insan özü bu halında xəbərsiz olur, amma mən həmin gün hər şeyin səbəbini anladım. Çox kədərləndim. Yaxşı ki, qəlbini qırmamışam deyə şükr etdim. O insan hələ də arada yazır və dediyi hər şeyi beş qat artıq anlayışla qəbul edirəm. Bədbinlik insanlarda səbəbsiz yaranmır, eynən nikbinlik kimi. Bəzən özləri də anlamır ki, necə cümlə qurmaq lazımdır, nəyi harda demək, harda deməmək lazımdır. Mütləq özümüz də belə səhvlər edirik. Bəlkə gözə çarpacaq həddə yox, amma mütləq ki, edirik.

Bu yazını yaza-yaza yadıma bir şey düşdü. Mən dindar insan deyiləm, amma əvvəl uzun illər müsəlman kimi dindar olmuşam. Sonradan fərqli dinlərlə tanış olmağa başlayıb, bu mövzuda fərqli nəticələrə gəlmişəm. Bugün həyatımda din yoxdur, daha doğrusu dinlərin hamısı birdən var. Uzun sözün qısası, demək istədiyim odur ki, dindar olduğum dövrlərdə bir kağıza “pisliyə yaxşılıqla cavab ver” (qeydə bax) yazıb, çantama qoymuşdum. Yeniyetmə idim və özümü tərbiyə edirdim. Bu yazını tam dərk edə bilmirdim, amma həyat missiyama çox uyğun olduğunu anlayırdım. Çalışırdım bunu həyatıma tətbiq edim. Bir neçə il sonra “söz soxmaq”, “səhv çıxartmaq”, “özünü bomba hiss etmək” kimi anlayışlar dəbdə idi. Mən də bir az yoxladım, gördüm yox, bu mənə uymur ki, uymur. Buna görə özüm də anlamadan döndüm o kağıza yazdığım varianta. Bu yazını yazanda isə anladım ki, mən o kağıza yazdığım, sadə görsənən cümlənin sehrini dərk edə və görə bilirəm. Cavab ver, amma yaxşılıqla..

Bu məqamda isə yadıma bir rəfiqəmlə etdiyimiz “yaxşılıq, yoxsa ədalət” söhbəti düşdü. O söhbətdən sonra anlamışdım ki, nə olursa olsun, ilk öncə özünə qarşı ədalətli olmalısan. Lakin “ədalət”in müsbət anlayış olduğunu düşünürəm. Bu halda müsbət tətbiq edilməlidir. Pisliyə ədalətlə cavab verəcəm deyə daha bir pislik yaratmalı deyiləm.

Pislik və yaxşılıq nisbidir, böyük ehtimalla hər zaman yanılmaq olar. Hətta hazırda mən özüm də öz düşüncəmə əsasən fikir bildirmiş oluram və kimsə tərəfindən asanlıqla təkzib edilə bilərəm.

Ədalət mövzusunda bir az mövzudan kənar olan misal çəkim. Bu misal daha kəskin vəziyyətlərə aiddir. Məsələn, kimsə kimisə öldürüb və onu ölkənin qanununa əsasən cəzalandırırlar. Cəza isə həbsdir, lakin onu dəmir barmaqlıqlar arxasına yola salanacan döyüb, alçaldıb, ağzımıza gələni desək, o zaman biz özümüz kimə çevrilərik? Onsuzda cəzası kəsilib, ədalət naminə ömrünü kəsdiyi insana görə ömrünün bir hissəsini qurban verməli olacaq. Bu halda digər davranışlar onda deyil, yalnız bizdə fərq yaratmış olur. Biz çirkinləşirik.

İndi yenə ağlıma ölüm hökmü, yaxud daha ağır cəzaları olan ölkələr gəldi. Məsələn, oğurluğa görə əl kəsilirsə, oğurluq olmur? Tutalım ki, böyük fərq yaranır, azalır, amma yox olmur. Amma bu kimi şeylər daha geniş mövzudur və fərqli istiqamətlər alır. Sözümün canı isə adi ünsiyyətdir.

Mənim izləyici sayım çox deyil, amma davamlı mesaj yazan var. Kimsə nədəsə məsləhətləşir, kimsə dərdləşir və s. Bunun üçün məni seçirlər deyə necə xoşbəxt olmayım? Bəzən fiziki, emosional, mənəvi olaraq çatdırmıram, hələ lap çox olsalar nə olardı bilmirəm. Amma mütləq çalışıram ya ayrı-ayrı, ya da ümumi olaraq qarşılıq verim. Heç tanımadıqlarıma görə kövrəlir, sevinir, narahat oluram. Hiss edəndə enerji və vaxt sərf edə bilmirəm, o zaman bunu da izah edib, qeyd etdiyim kimi, özümü də unutmuram.

Biz insanlar digər insanlar var deyə əhəmiyyətliyik. Əks halda heç birimiz bir məna kəsb etmirik.

Bir də bu yaxınlarda bir məsələ ilə bağlı fikir bildirmişdim. Bu məqamda mövzunu yekunlaşdırmaq üçün həmin fikri təkrar etmək yerinə düşər: yaxşının pis üzərindəki qələbəsi bizdən asılıdır. Nəyi qabartsaq, o da üstün olacaq. Mən yaxşını qalib görmək istəyirəm. 💕

___

Qeyd: FUSSİLƏT 34: Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!

O vaxt bunu sadəcə həyatımda baş verən, pis deyə qiymətləndirdiyim hadisələrə qarşı səbrlə yanaşmaq kimi dərk edirdim. İndi bunu daha geniş şəkildə dərk edirəm.

Bir sözlə dəf et, cavab ver, qarşılıq ver, amma yaxşılıqla..

Bir cavab yazın